XIX əsrin sonunda qəzetlər ictimaiyyəti məlumatlandıran yeganə informasiya vasitəsi idi. Qəzetlər bir-biri ilə mübarizədə mümkün bütün vasitələrdən istifadə edirdi.
90-cı illərin sonunda diqqəti cəlb etməyin yeni, daha səmərəli üsulu tapıldı. Rəngli başlıqlar peyda oldu.
1896-cı ildə Nyu-Yorkun “Uorld” qəzeti hər gün birinci səhifəsində rəssam Riçard F.Autkolt tərəfindən çəkilən komikslər çap etməyə başladı. Bu komikslərin qəhrəmanının paltarı açıq-sarı rəngdə olduğundan komikslər “Sarı oğlan” adını qazandı. Qəzetin tirajı xeyli artdı.
“Nyu-York cornal”ın sahibi Uilyam Rendolf Hörst də qəzetinin tirajını artırmaqda qərarlı idi. O, jurnalın rəngli əlavəsini yaradaraq Autkoltu öz tərəfinə çəkdi. “Uorld” buna cavab olaraq “Sarı oğlan”ı çap eləməkdə davam edirdi.
Bundan sonra hər iki “sarı” mətbuat orqanının rəqabəti ağlagəlməz üsullarla aparılırdı. Məhz həmin günlərdə Kuba uğrunda İspaniya ilə münaqişə başladı. Hörst tirajı artırmaq məqsədilə bilərəkdən ictimaiyyəti narahat edən, eləcə də qıcıqlandıran xəbərlər dərc edirdi. Bununla da 1898-ci ildə kiçik, amma lazımsız və mənfur olan müharibənin başlamasına yardımçı oldu. Nəticədə gəlir əldə etmək naminə yalan-doğru, istənilən, hətta ən qəddar sensasiyalı xəbəri istifadə edən qəzetlər “sarı mətbuat” adlandırılmağa başlandı. (Ayzek Azimov. Sözlərin tarixi)